Uitkoff ilə Kuşner Ərəb dənizindəki "Abraham Lincoln" aviadaşıyıcısında olublar

Digər ölkələr
  • 07 fevral, 2026
  • 22:32
Uitkoff ilə Kuşner Ərəb dənizindəki Abraham Lincoln aviadaşıyıcısında olublar

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və Amerika liderinin kürəkəni Cared Kuşner Ərəb dənizindəki "USS Abraham Lincoln" aviadaşıyıcısına qalxıblar.

"Report"un məlumatına görə, bu barədə Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri aviadaşıyıcının və onu müşayiət edən Amerika gəmilərinin heyətləri ilə görüşüblər. Bundan başqa, Uitkoff, Kuper və Kuşner İran pilotsuz uçuş aparatını vurmuş pilotla söhbət aparıblar.

"Axios" portalının jurnalisti Barak Ravid mənbələrə istinadən qeyd edib ki, onların aviadaşıyıcıya səfəri ABŞ-nin İslam Respublikası ilə danışıqların uğursuzluğa düçar olması halında digər fəaliyyət variantlarını nəzərdən keçirdiyinə işarədir.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli məsələsi üzrə danışıqları bərpa edib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Oman xarici işlər naziri Badr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı üzrə çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti