Uitkoff: ABŞ Ukraynanın iştirakı ilə Floridada keçirilən danışıqları konstruktiv hesab edir

Digər ölkələr
  • 22 dekabr, 2025
  • 00:22
Uitkoff: ABŞ Ukraynanın iştirakı ilə Floridada keçirilən danışıqları konstruktiv hesab edir

Birləşmiş Ştatlar Ukrayna nümayəndə heyətinin Amerikanın Florida ştatında Vaşinqton və Avropa nümayəndələri ilə keçirdiyi danışıqları məhsuldar və konstruktiv hesab edir.

"Report"un məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində bildirib.

"Son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb", - deyə o yazıb.

Uitkoff qeyd edib ki, ABŞ tərəfdən danışıqlarda onunla birlikdə Amerika liderinin kürəkəni Cared Kuşner də iştirak edib. Ukrayna nümayəndə heyətini isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib. Danışıqlarda həmçinin Avropa ölkələrindən milli təhlükəsizlik üzrə müşavirlər də iştirak ediblər ki, bu da Ukrayna, ABŞ və Avropanın strateji yanaşma üzrə mövqelərinin uzlaşdırılması məqsədi daşıyıb.

ABŞ və Ukrayna nümayəndə heyətlərinin ilk raund danışıqları dekabrın 14-də Berlində keçirilib və təxminən beş saat davam edib. Tərəflər 15 dekabrda danışıqları davam etdiriblər, görüş isə təxminən iki saat çəkib. ABŞ nümayəndə heyətində Uitkoff və Kuşner, Ukrayna tərəfdən isə Umerov, Qnatov və Volodimir Zelenski iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti