Trampın ərəb ölkələrinin liderləri ilə görüşü planlaşdırılır

Digər ölkələr
  • 22 sentyabr, 2025
  • 13:14
Trampın ərəb ölkələrinin liderləri ilə görüşü planlaşdırılır

ABŞ Prezidenti Donald Tramp sabah Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı iki mənbəyə istinadən yazıb.

Danışıqlarda əsas məqsəd Qəzza zolağında müharibənin dayandırılması yollarının tapılması və müharibədən sonrakı nizamlanmanın müzakirəsidir.

Mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri görüşə dəvət alıblar.

Ağ Ev ərəb ölkələrinin Qəzzada sabitliyin bərpası planında iştirak etməyə və hətta İsrail ordusunu əvəz edəcək sülhməramlı qüvvələrə qoşun göndərmək imkanını nəzərdən keçirməyə razılıq verəcəyinə ümid edir.

Görüş Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahunun Ağ Evdə sentyabrın 29-na təyin edilmiş danışıqlarına hazırlıq fonunda keçiriləcək.

Ərəb ölkələrinin liderlərinin Trampdan müharibəni dayandırmaq və ilhaq planlarından imtina etmək üçün İsrailə təzyiq göstərməsini tələb edəcəyi gözlənilir.

Bundan başqa, həmin gün Tramp Körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Bəhreyn, Küveyt) liderləri ilə ayrıca görüş keçirəcək. Əsas mövzu İsrailin Qətərdəki HƏMAS liderlərinə hücumunun nəticələri ilə bağlı olacaq. Ərəb dövlətləri bu cür hücumların bir daha təkrarlanmayacağına dair zəmanətlər tələb etmək niyyətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti