Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmətin yol verdiyi səhvlər açıqlanıb
- 03 iyul, 2026
- 05:35
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Məxfi Xidməti 2024-cü ilin iyul ayında bir sıra səhvlərə yol verib və buna görə də o vaxt Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampa qarşı sui-qəsd cəhdinin qarşısını almaq mümkün olmayıb.
"Report" xəbər verir ki, belə nəticələr ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) baş müfəttişi aparatı tərəfindən tərtib edilmiş hesabatda yer alıb.
Sənədə əsasən, 13 iyul 2024-cü ildə seçkiqabağı mitinq zamanı Trampa qarşı Məxfi Xidmət Tomas Kruks tərəfindən sui-qəsd cəhdinin aşkar edilməsi və qarşısının alınması üçün bir sıra imkanlardan istifadə etməyib. Hesabatda xüsusi olaraq qeyd olunub ki, idarənin agentləri Kruks tərəfindən ərazini öyrənmək üçün pilotsuz uçuş aparatından istifadə edilməsi faktını qeydə almayıblar. Bu, agentlərdən birinin hazırlıq səviyyəsinin qeyri-kafi olması, həmçinin "avadanlığın texniki nasazlıqları" səbəbindən baş verib.
Sənəddə həmçinin xidmət nümayəndələrinin yerli hüquq-mühafizə qurumlarının iştirakı ilə birgə əməliyyat mərkəzi yaratmadığı göstərilib. Nəticədə onlar çoxsaylı şahidlərin Kruksun davranışını şübhəli kimi qiymətləndirməsi barədə məlumatlardan məhrum olublar. Bundan əlavə, tədbirin keçirildiyi yerdə kifayət qədər agent olmayıb, həmçinin Kruksun yerləşdiyi binanın damından atəş açılması təhlükəsini istisna etmək üçün lazımi tədbirlər görülməyib.
Trampa qarşı sui-qəsd cəhdi 13 iyul 2024-cü ildə törədilib. Siyasətçi yüngül yaralanıb - güllə onun qulağını sıyıraraq keçib. Atəş açan şəxs - 20 yaşlı ABŞ vətəndaşı Tomas Metyu Kruks Məxfi Xidmət agentləri tərəfindən zərərsizləşdirilib.