Tramp: Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm
- 10 yanvar, 2026
- 23:54
ABŞ Prezidenti Donald Tramp Venesuelanın yenidən varlı və təhlükəsiz olacağını vəd edib.
"Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Venesuela xalqını sevirəm və artıq Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm. Bunu mümkün edən bütün insanlara təşəkkürümü bildirirəm", – Tramp qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesueladakı hərbi obyektlərə aviazərbələr endirib və yerüstü əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ələ keçirilməsini təmin edib. Onlar ABŞ-yə aparılıb, Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
ABŞ və Venesuelanın müvəqqəti hökuməti diplomatik münasibətlərin bərpası ilə bağlı danışıqlara başlayıblar. Tramp ABŞ-yə Venesuelanın 30–50 milyon barrel neftinin ötürüləcəyini, bunun kompensasiya və qiymətlərin sabitləşdirilməsi məqsədi daşıdığını açıqlayıb. O, gəlirlərin Vaşinqtonun nəzarətində olan hesablara yönəldiləcəyini vurğulayıb.
Amerikalı lider həmçinin ABŞ-nin Venesuelanı, xüsusilə də onun enerji sektorunu uzun illər boyu nəzarətdə saxlamağa niyyətli olduğunu bildirib.