Tramp Venesuela Prezidenti ilə danışıqlara hazır olduğunu açıqlayıb
- 18 noyabr, 2025
- 23:43
ABŞ Venesuela ilə birbaşa dialoqa hazırdır.
"Report" xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Al Saud ilə görüşü zamanı bəyan edib.
"Danışıqlara hazıram. Mən hamı ilə danışıram", – deyə Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqların mümkünlüyü barədə suala cavab verərkən bildirib.
Bundan əlavə, Ağ Ev rəhbəri Venesuelanı ABŞ-yə məhbuslar və narkotik göndərməkdə ittiham edib, Vaşinqtonun isə qanunsuz miqrantları dərhal geri göndərdiyini vurğulayıb. Karakasa ünvanlanan sərt tənqidlərə baxmayaraq, Tramp dialoqa açıq olduğunu söyləyib.
"CNN"in məlumatına görə, Nikolas Maduro bir neçə kanal vasitəsilə Donald Trampla əlaqə qurmağa çalışır.
Noyabrın 18-də Tramp Venesuelaya qarşı bütün mümkün tədbirləri nəzərdən keçirdiyini, o cümlədən quru hərbi əməliyyatının aparılmasını istisna etmədiyini bildirib.