Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün uzun müddət gözlədiyini bildirib
- 23 oktyabr, 2025
- 05:38

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, o, "Lukoyl" və "Rosneft"ə qarşı sanksiyaların tətbiqi barədə qərar verməzdən əvvəl uzun müddət gözləyib.
"Report"un məlumatına görə, ABŞ lideri bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşün yekunlaşmasından sonra Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
"Sadəcə vaxtın gəldiyini düşündüm. Uzun müddət gözlədim", - deyə o qeyd edib.
Amerika lideri Qəzza sektorunda münaqişənin dayandırılması barədə razılaşmalar əldə edilənə qədər Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını gözlədiyini vurğulayıb.
Tramp həmçinin bir daha səkkiz münaqişəni dayandıra bildiyini iddia edib. "Bütün bu müharibələr ki, mən onlarla bacardım. Bir dənə qalıb. Bizə bir dənə qalıb və doqquz olacaq. Mən düşünürəm ki, biz bunu da bacaracağıq", - deyə Amerika lideri vurğulayıb.