Tramp: Rusiya-Ukrayna münaqişəsi onların liderlərinin şəxsi ədavəti ilə mürəkkəbləşib
- 20 oktyabr, 2025
- 20:56

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin iki ölkə lideri arasındakı şəxsi ədavətlə mürəkkəbləşdiyini, lakin sülhün əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə o, Avstraliyanın Baş naziri Entoni Albaneze ilə ikitərəfli nahar zamanı bildirib.
"Rusiya və Ukrayna məsələsində həll yolu tapmaq istəyimizə çatacağımızı düşünürəm, lakin vəziyyət mürəkkəbdir, çünki bir-birinə həqiqətən nifrət edən iki lider var", - Tramp deyib.
Ukraynanın müharibədə qalib gələ bilib-bilməyəcəyi ilə bağlı sualı Tramp belə cavablandırıb: "Onların qalib gələcəyini düşünmürəm, amma yenə də qalib gələ bilərlər. Mən heç vaxt onların qalib gələcəklərini deməmişəm. Mən demişəm ki, onlar qalib gələ bilərlər - müharibədə hər şey ola bilər. Müharibə çox qəribə bir şeydir, yaxşı şeylər də olur, pis şeylər də".
Tramp qeyd edib ki, ABŞ bu münaqişədə razılıq əldə olunması üçün hər cür səy göstərir: "Biz razılıq əldə olunmasına çalışırıq. O, əldə olunarsa, çox əla. Olmazsa, çoxları buna görə ağır bədəllər ödəyəcək".