Tramp İrana qarşı hərbi güc tətbiq ediləcəyi barədə xəbərdarlıq edib
- 17 iyun, 2026
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin qarşılıqlı anlaşma memorandumu üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrana hava zərbələrini bərpa etməklə hədələyib.
"Report" xəbər verir ki, bu barədə Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında deyib.
"Əgər bu mənim xoşuma gəlməsə, əgər onlar özlərini necə lazımdırsa elə aparmasalar, biz yenidən birbaşa onların başlarına bombalar atmağa başlayacağıq. Aydındır?", - Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bununla yanaşı, ABŞ lideri əlavə edib ki, Tehran "artıq 47 ildir ki, özünü pis aparır".
D.Tramp, həmçinin sabiq prezident Barak Obamanın dövründə bağlanmış nüvə sazişini yenidən xatırladaraq, demokratların İranla münasibətlərə yanaşmasını tənqid edib: "Obama onlara nağd şəkildə 1,7 milyard dollar verdi. O, onlara yüz milyonlarla, milyardlarla dollar verdi. Lakin o, ayrıca olaraq nağd şəkildə 1,7 milyard dollar göndərdi. Pulları "Boeing 757"yə yüklədilər və İrana çatdırdılar".
Onun sözlərinə görə, demokratların dövründə ABŞ hökuməti "problemi rüşvətlə həll etməyə çalışırdı".