Tramp Kubaya üzən gəmilərin saxlanılmasına verilən icazənin müddətini uzadıb
- 17 fevral, 2026
- 22:38
ABŞ Prezidenti Donald Tramp Kuba istiqamətində hərəkət edən Amerika və xarici gəmilərin saxlanılması və yoxlanılmasına icazə verən sərəncamın müddətini daha bir il uzadıb.
"Report"un məlumatına görə, müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunub.
Sənəddə qeyd olunub ki, Kuba hökuməti ABŞ gəmilərinə və təyyarələrinə qarşı həddindən artıq güc tətbiqindən çəkinəcəyini nümayiş etdirməyib. Bu gəmilər və təyyarələr Kubanın şimalında keçirilən tədbirlərdə və ya dinc etirazlarda iştirak edə bilər.
"Bundan əlavə, ABŞ-də qeydiyyatdan keçmiş hər hansı gəminin Kubanın ərazi sularına icazəsiz daxil olması ABŞ-nin xarici siyasətinə zərər vura, belə hallar Kubadan kütləvi miqrasiyanı təşviq edə bilər", – sənəddə bildirilir.
ABŞ hakimiyyətinin mövqeyinə görə, Kubadan kütləvi miqrasiya ABŞ-nin milli təhlükəsizliyini təhdid edəcək, çünki bu, beynəlxalq münasibətlərdə mövcud vəziyyətin pozulmasına və ya belə bir pozuntu təhlükəsinə səbəb ola bilər.
Amerika lideri qeyd edib ki, bununla əlaqədar Kuba ilə bağlı fövqəladə vəziyyət rejimini və respublikaya gedən gəmiləri saxlamağa imkan verən fövqəladə səlahiyyətləri uzadır.