Tramp: Kanada ABŞ ştatı səviyyəsində iqtisadi üstünlüklər əldə etmək istəyir

Digər ölkələr
  • 23 avqust, 2026
  • 10:22
Tramp: Kanada ABŞ ştatı səviyyəsində iqtisadi üstünlüklər əldə etmək istəyir

Ağ Ev rəhbəri Donald Tramp Kanadanın ABŞ-ın tərkibinə daxil olmadan ölkənin ştatlarından biri ilə eyni iqtisadi üstünlüklərdən yararlanmaq istədiyini bildirib.

"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kanada ABŞ ştatı statusuna bərabər üstünlüklər əldə etmək istəyir, lakin ştat olmaq istəmir. Bundan əlavə, onlar uzun illər ərzində bizim möhtəşəm fermerlərimizə böyük gömrük rüsumları tətbiq ediblər. Artıq belə olmayacaq", - deyə ABŞ lideri qeyd edib.

Trampın bu açıqlaması Vaşinqton və Ottava arasında ticarət münasibətlərinin kəskinləşdiyi bir vaxtda səslənib.

Avqustun 22-də Kanada Baş naziri Mark Karni ABŞ-la ticarət danışıqlarının dayandırıldığını açıqlayıb. Karni ABŞ tərəfinin danışıqların son mərhələsində şərtləri dəyişdirdiyini və bunun razılaşmanın əldə olunmasına mane olduğunu bildirib.

Bundan sonra ABŞ Kanadanın təxminən 20 milyard dollar dəyərində məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq edib. Kanada isə sentyabrın 8-dən ABŞ məhsullarına qarşı eyni məbləğdə cavab rüsumları tətbiq edəcəyini açıqlayıb.