Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

Digər ölkələr
  • 01 oktyabr, 2026
  • 16:10
Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib.

"Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib.

"Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm", - o bildirib.

Trampın sözlərinə görə, Tehranın təklifi, xüsusən, Hörmüz boğazının açılmasını nəzərdə tuturdu.

"Onlar boğazı açmağı təklif etdilər. Siz təklifin bəzi elementlərini gördünüz, hərçənd hamısını yox. Amma kifayət deyil. Hətta yaxın belə deyil", - ABŞ Prezidenti bəyan edib.

İranla münaqişənin əvvəllər göstərilən altı-səkkiz həftə əvəzinə artıq yeddinci aydır ki, davam etməsindən danışan Tramp bunu İranın nüvə obyektlərinə zərbələrdən sonra hərbi kampaniyanı davam etdirmək qərarı ilə əlaqələndirib.

"Mən o zaman dayana bilərdim, amma davam etmək istədim", - o bildirib.

Tramp bildirib ki, B-2 bombardmançılarının İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra əməliyyatı başa çatdıra bilərdi, lakin İran potensialının başqa formada bərpa olunmasına yol vermək istəmədiyi üçün fəaliyyəti davam etdirmək qərarına gəlib.

Hörmüz boğazındakı vəziyyətə toxunan Tramp bəyan edib ki, Vaşinqton Tehranın gəmiçiliyi bağlamaq hədələrindən sonra faktiki olaraq onun üzərində nəzarət qurub.

"Onlar dedilər: "Biz onu bağlayacağıq (Hörmüzü - red.)". Mən dedim, ki əgər onu bağlasanız, böyük problemləriniz olacaq. Biz onu nəzarətə götürdük", - o bildirib.

Trampın sözlərinə görə, İran ABŞ ilə razılaşma əldə etməkdə maraqlıdır, lakin o özü "əsl sövdələşmə" arzulayır.