Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır
- 08 may, 2026
- 06:32
İranla nizamlanma planı Tehranın nüvə silahından imtina etmək və "nüvə tozu" adlanan maddəni Vaşinqtona təhvil vermək öhdəliyini özündə ehtiva edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Linkoln Memorialındakı hovuzu ziyarət edərkən bildirib.
"Bu, sadəcə bir səhifəlik sənəddən daha böyük bir şeydir. Mahiyyətcə onların nüvə silahına malik olmaqdan imtina edəcəkləri bir təklifdir. Onlar bizə nüvə tozunu və nail olmağa çalışdığımız bir çox başqa şeyləri təhvil vermək niyyətindədirlər", - Tramp qeyd edib.
"Nüvə tozu" ifadəsi ilə ABŞ lideri 2025-ci ilin iyununda İranın aviazərbələr endirilən İsfahan, Natanz və Fordodakı nüvə obyektlərində zənginləşdirilmiş uranı nəzərdə tutur.
Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazındakı gərginliyə baxmayaraq, İranla danışıqlar davam edir.
"Bu (sazişin bağlanması - red.) istənilən gün baş verə də bilər, baş verməyə də bilər. Düşünürəm ki, onlar sazişi məndən daha çox istəyirlər", - Tramp iddia edib.
Hörmüz boğazındakı son gərginlik İran, ABŞ və onların müttəfiqlərinin iki həftəlik atəşkəs barədə razılığa gəldiyi 8 apreldən bəri tərəflər arasında ən böyük toqquşma olub.
İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər ki, İran gəmilərini atəşə tutan ABŞ hərbi gəmilərinə qarşı ballistik raketlər tətbiq edilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində gərginliyin İran tərəfindən törədildiyini, Hərbi Dəniz Qüvvələrinin isə yalnız cavab zərbələri endirdiyini qeyd edib. Daha sonra hər iki tərəf öz qələbəsini elan edərək düşmənə əhəmiyyətli zərər vurulduğunu qabardıb.