Tramp HƏMAS liderlərinin vurulmasını məqsədəuyğun hesab etmir
- 10 sentyabr, 2025
- 15:05

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərini vurmasını məqsədəuyğun hesab etmir.
"Report" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The Washington Post"a müsahibəsində bildirib.
"Tramp bunun İsrailin və ya ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmür və buna görə də narazıdır", - vitse-prezident deyib.
C.Vens qeyd edib ki, ABŞ-nin hazırlanan zərbədən xəbərdar olması barədə məlumatın mövcudluğuna baxmayaraq, Donald Tramp bu barədə bilmirdi.
C.Vensin sözlərinə görə, ABŞ Prezidenti həmçinin Ukraynada müharibənin dayandırılmasını hədəfləyib. Onun sözlərinə görə, əgər Ukraynada müharibə başa çatarsa, ABŞ Rusiya ilə iqtisadi əlaqələri gücləndirə bilər.
Vitse-prezident vurğulayıb ki, Prezident Tramp davam edən münaqişədən başqa Rusiyanın iqtisadi təcridi üçün heç bir səbəb görmür.
"Tramp qətllərin dayandırılmasını istəyir. Gəlin dürüst olaq. Rusiyanı sevib-sevməməyinizdən, münaqişəyə haqq qazandırmaq üçün gətirdiyi arqumentlərlə razılaşıb-razılaşmamağınızdan asılı olmayaraq, fakt bundan ibarətdir ki, onların çoxlu nefti, qazı və faydalı qazıntıları var", - o vurğulayıb.