Polşa Prezidenti Trampla pilotsuz təyyarə ilə bağlı insidenti müzakirə edib - YENİLƏNİB
- 10 sentyabr, 2025
- 23:13

Polşa Prezidenti Karol Navroritski ABŞ Prezidenti Donald Trampla ölkənin hava məkanını pozan pilotsuz təyyarə insidenti ilə bağlı telefon danışığı aparıb.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Mən indicə ABŞ Prezidenti Donald Trampla telefonda Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması ilə bağlı danışdım", - məlumatda deyilir.
Navoritski vurğulayıb ki, bu məsləhətləşmələr müttəfiqlərlə daha geniş danışıqların bir hissəsidir: "Bu söhbət mənim müttəfiqlərimizlə apardığım məsləhətləşmələr silsiləsinin bir hissəsidir".
ABŞ Prezidenti Donald Tramp bu gün polşalı həmkarı Karol Navoritski ilə danışıqlar aparmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Sky News" Ağ Evin nümayəndəsinə istinadən bildirib.
Qeyd olunub ki, Tramp Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını keçməsindən sonra ölkədə hadisələrin inkişafını izləyir.
2025-ci il sentyabrın 10-da gecə saatlarında Rusiyanın Ukraynanın qərb bölgələrinə genişmiqyaslı hücumu zamanı onlarla PUA Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan aparatların vurulduğunu və sərhədyanı bölgələrdə onların qalıqlarının aşkar edildiyini, eyni zamanda insan itkisinin qarşısının alındığını bildiriblər. Baş nazir Donald Tusk təcili iclas keçirərək baş verənlər barədə müttəfiqləri məlumatlandırıb. Hadisə fonunda Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.
Rusiya Müdafiə Nazirliyi isə insidentlə əlaqəsinin olmadığını bildirib.