Tokayev: Parlament islahatı üçün konstitusiyanın 40 maddəsi dəyişdirilməlidir
- 14 oktyabr, 2025
- 13:10

Qazaxıstanda parlament islahatının həyata keçirilməsi üçün konstitusiyanın 40 maddəsinə dəyişikliklər edilməlidir.
"Report"un Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev parlament islahatı üzrə işçi qrupunun birinci iclasında bildirib.
"Dəyişikliklər əsas qanunun təxminən 40 maddəsini əhatə edəcək. Bundan sonra ən azı 10 konstitusiya qanununu və 50-dən çox məcəllə və qanunu uyğunlaşdırmaq lazımdır. Bu proses mahiyyət etibarilə yeni konstitusiyanın qəbuluna bərabərdir. Aydındır ki, bütün bu işləri eyni vaxtda yerinə yetirmək mümkün deyil. Diqqətli hazırlıq tələb olunur", - o qeyd edib.
Prezidentin sözlərinə görə, islahat birbaşa ölkənin taleyinə təsir edir, birpalatalı parlamentə keçid beynəlxalq tendensiyalara uyğundur.
"Dövlətimizin əsaslı surətdə modernləşdirilməsi strategiyasını "güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət" konsepsiyasına uyğun olaraq davam etdirmək vacibdir. Beləliklə, prezident üsul-idarə sistemi ölkəmizdə aktuallığını qoruyacaq", - K.Tokayev bildirib.