"The Times": Britaniya XİN ABŞ-nin planının Ukraynada sülhün əsası ola biləcəyinə inanır
- 23 noyabr, 2025
- 06:15
Böyük Britaniya diplomatları özəl olaraq etiraf edirlər ki, Tramp administrasiyasının Ukraynada müharibəyə son qoymaq planı döyüşlərin dayandırılması üçün əsas yarada bilər.
"Report" xəbər verir ki, bu barədə həftəlik "The Sunday Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"İndiki şəraitdə bu, Kiyevin ümid edə biləcəyi ən yaxşı variant ola bilər. Mükəmməl olmasa da, yekun da deyil. Bu, qan tökülməsinə son qoymağa zəmin yarada bilər və diqqətimizi Ukraynanın yenidən qurulmasına yönəltməyə imkan verə bilər", - Britaniya diplomatı nəşrə deyib.
Qəzet qeyd edib ki, Britaniya mətbuatında bir çox ekspertlər Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı bəndi tənqid etmələrinə baxmayaraq, əslində Böyük Britaniya Müdafiə Nazirliyinin analitikləri hesab edirlər ki, Kiyev uzunmüddətli perspektivdə 500 mindən çox hərbi qulluqçu saxlaya bilməyəcək.
Nəşr həmçinin iddia edib ki, Trampın planı bəzi məlumatların əksinə olaraq Ukraynaya uzaqmənzilli silahlara sahib olmağı qadağan etmir.
Bundan əvvəl Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən, Amerikanın Ukraynada nizamlanma planının yekun olmadığını açıqlayıb. Planı müzakirə etmək üçün noyabrın 23-də İsveçrədə ABŞ, Avropa və Ukrayna nümayəndələri arasında danışıqlar keçiriləcək.