"The Telegraph": Bəndər-Abbas limanı tamamilə təcrid olunub
- 18 iyul, 2026
- 20:14
ABŞ-nin İranın nəqliyyat infrastrukturuna endirdiyi zərbələr nəticəsində ölkənin ən mühüm liman terminalının yerləşdiyi, yarım milyon əhalisi olan Bəndər-Abbas limanı tamamilə təcrid olunub.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
"ABŞ bir həftə ərzində İranı Hörmüz boğazına nəzarətdən əl çəkməyə məcbur etmək məqsədilə təzyiqləri artıraraq cənub şəhərlərini bombalayıb. Lakin indi Amerika hərbçiləri əsas cənub limanlarını ölkənin qalan hissəsi ilə birləşdirən nəqliyyat arteriyalarını hədəf alıblar", - nəşr yazıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri son günlərdə İranda, xüsusən də Hörmüzqan vilayətindəki körpü və dəmir yollarına aviazərbələr endirir. Bu isə Bəndər-Abbas şəhərinə gedən yolu kəsməyə imkan verib. Məqalədə qeyd olunub ki, bu, ABŞ tərəfindən Cenevrə konvensiyalarının pozulması deməkdir, çünki iştirakçılar hərbi və mülki obyektləri bir-birindən ayırmalıdırlar.
Bəndər-Abbas Hörmüz boğazının ən dar hissəsindən 60 km aralıda yerləşir. Sənaye avadanlıqları, istehlak mallarının tədarükünün 50 %-dən, həmçinin xam neft tədarükünün 90 %-dən çoxu onun vasitəsilə həyata keçirilir. "Al Jazeera"nın məlumatına görə, şəhərin coğrafi mövqeyi İran rəhbərliyinə Amerika sanksiyalarından yan keçməyə və neft ixrac etməyə imkan verir.
Bu şəhərin ətrafında həmçinin Hörmüzə nəzarət etmək üçün mühüm əhəmiyyət kəsb edən İranın əsas hərbi dəniz bazası yerləşir.
Pentaqonun sabiq rəsmisi Maykl Rubin hesab edir ki, Amerika lideri Donald Trampın administrasiyası liman şəhəri ilə əlaqənin kəsilməsinin həyati əhəmiyyət daşıyan dəniz yolunun açılması üçün açar rolunu oynadığına getdikcə daha çox əmin olur.