"Terraform Labs" kriptovalyuta startapının həmtəsisçisi ABŞ-də 15 il həbs cəzasına məhkum edilib
- 12 dekabr, 2025
- 05:48
Nyu-York ştatının Cənub Dairə Məhkəməsi "Terraform Labs" kriptovalyuta startapının həmtəsisçisi Do Kvonu fırıldaqçılıqda təqsirləndirərək 15 il müddətinə azadlıqdan məhrum edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
2018-ci ildə yaradılan "Terraform Labs" şirkəti "TerraUSD" və "Luna" tokenlərini hazırlamışdı. 2022-ci ilin yazında bu kriptovalyutaların çökməsi investorların 40 milyard dollardan çox zərərə uğramasına səbəb olub. ABŞ-də sahibkara vəsaitlərin yuyulması məqsədilə sövdələşmədə iştirak ittihamı daxil olmaqla, doqquz maddə üzrə ittiham irəli sürülmüşdü. 2025-ci ilin avqustunda Do Kvon iki maddə üzrə – fırıldaqçılıq məqsədilə sövdələşmə və elektron vasitələrlə fırıldaqçılıqda özünü təqsirli bilib.
İrəli sürülən ittihamlar üzrə maksimal cəza 25 il həbs idi. Prokurorluq biznesmen üçün ən azı 12 il həbs tələb etmişdi, müdafiə tərəfi isə maksimum 5 il həbs cəzasında israr edirdi. Onlar bunu müştərinin hərislikdən deyil, "TerraUSD" tokenlərini inkişaf etdirmək istəyindən irəli gəldiyini əsaslandırırdılar. Hakim müdafiə tərəfinin mövqeyini "tamamilə əsassız" adlandıraraq Do Kvonun "epik miqyaslı fırıldaqçılıqda" iştirak etdiyini bildirib.
Do Kvon 2023-cü ilin martında Monteneqroda saxlanılmışdı. Onun ekstradisiyasını eyni vaxtda ABŞ və Cənubi Koreya tələb etmişdi. 2024-cü ilin sonunda o, ABŞ-yə təhvil verildi.