Tailand və Kamboca ağır silahların sərhəddən çıxarılması ilə bağlı razılığa gəliblər
- 19 oktyabr, 2025
- 01:21

Tailand və Kamboca ağır silahların çıxarılması, sərhədyanı ərazilərin minalardan təmizlənməsi və transmilli cinayətkarlıqla mübarizədə irəliləyiş əldə ediblər.
"Report" xəbər verir ki, Tailandın Xarici İşlər Nazirliyi oktyabrın 17-də Kuala-Lumpurda keçirilən dördtərəfli məsləhətləşmələrin yekunları üzrə nazir Sixasak Phuangketkeyin bəyanatından çıxarışlar dərc edib.
"ABŞ, Malayziya, Tailand və Kamboca arasında dördtərəfli məsləhətləşmələr 2025-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən ilk görüşün davamı idi. Müzakirələr Tailand və Kamboca arasında müxtəlif məsələləri əks etdirən birgə bəyannamənin hazırlanmasına yönəldilib. Tailand üçün prioritet olan dörd sahədə irəliləyiş əldə edilib: sərhəd bölgələrindən ağır silahların çıxarılması, minalardan təmizləmə, transmilli cinayətlərlə mübarizə və prioritet sərhəd bölgələrinin idarə edilməsi", - bəyanatda deyilir.
Nazir qeyd edib ki, hər iki tərəfin Baş Sərhəd Komitəsinin Katibliyi 20-21 oktyabr 2025-ci il tarixlərində görüş keçirəcək və müzakirə olunan məsələlərin həyata keçirilməsini təmin etmək üçün fəaliyyət planını ətraflı müzakirə etməlidir: "Sənəd həm də dövlətdaxili prosedurlardan keçməli və hər iki ölkənin müdafiə nazirləri tərəfindən təsdiqlənməlidir. Danışıqların yekununda birgə razılıq əldə oluna bilərsə, Kuala-Lumpurda qarşıdan gələn 47-ci ASEAN Sammitində Malayziya və ABŞ-ın iştirakı ilə birgə bəyannamə imzalana bilər".
Kambocanın 18 hərbi əsirinin azad edilməsinə münasibət bildirən XİN rəhbəri vurğulayıb ki, Tailand onların azad edilməsinə baxmazdan əvvəl müəyyən bəndlərin həyata keçirilməsində konkret irəliləyiş görməlidir.