Tailandın Baş naziri Kamboca ilə atəşkəs razılaşmasının olmadığını bildirib
- 12 dekabr, 2025
- 21:20
Tailandın Baş naziri Anutin Çarnvirakulan ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Kamboca ilə atəşkəs razılaşmasının olmadığını bildirib.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Onun sözlərinə görə, ilk olaraq Kamboca gərginliyi azaltmalıdır. "Vəziyyəti razılaşmanı pozan tərəf düzəltməlidir, hücuma məruz qalan tərəf yox", - Baş nazir jurnalistlərə deyib.
"O (Tramp - red.) atəşkəs istəyirdi. Mən ona dedim ki, dostlarımıza müraciət etsin. Atəşkəs elan etməyə ehtiyac yoxdur, Kambocanın atəşi dayandırması, qoşunlarını geri çəkməsi və qoyduğu bütün minaları təmizləməsi lazımdır", - o deyib.
Baş nazir həmçinin hazırda Kamboca ilə atəşkəs razılaşması əldə olunmadığını da aydınlaşdırıb.
Qeyd edək ki, hərbi əməliyyatların bərpasından bəri hər iki tərəfdən azı 20 nəfər həlak olub, 260-dan çox insan yaralanıb.