​Suriyada "Nüsra cəbhəsi"nin 250-dən çox yaraqlısı zərərsizləşdirilib

Digər ölkələr
  • 11 aprel, 2016
  • 23:56
​Suriyada Nüsra cəbhəsinin 250-dən çox yaraqlısı zərərsizləşdirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Suriya ordusu aprelin 3-dən Hələb əyalətinə edilən hücumların qarşısını alan zaman "Nüsra cəbhəsi" terror qruplaşmasının 250-dən çox yaraqlısını məhv edib.

"Report" xəbər verir ki, bu barədə Suriya ərazisində düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko məlumat verib.

""Cəbhat ən-Nüsra"nın terror dəstələri aprelin 3-dən indiyə qədər hökumət qoşunlarının Hələb əyalətinin cənub-qərb hissəsindəki mövqelərinə hücumlarını davam etdirirlər. Hökumət qoşunları tərəfindən hücumların qarşısı alınan zaman 250-dən çox terrorçu, iki tank və başqa texnika məhv edilib", — deyə o əlavə edib.

Kuralenko, həmçinin bildirib ki, ötən həftə ərzində Hələb şəhərinin sözügedən terror qruplaşmasının üzvləri tərəfindən atəşə tutulması nəticəsində 82 dinc sakin həyatını itirib, 266 nəfər yaralanıb.