Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 153-ə yüksəlib – YENİLƏNİB
- 29 noyabr, 2025
- 20:01
Şri-Lankada "Ditva" siklonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olanların sayı 153 nəfərə çatıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şənbə günü rəsmilər açıqlama yayıb.
Bildirilib ki, daha 191 nəfər itkin düşmüş sayılır, ölkə üzrə yarım milyondan çox insan zərər çəkib, 78 min nəfərdən çox insan evlərini tərk etməyə məcbur olub. Onların yerləşdirilməsi üçün əsasən məktəblərdə 800 yardım mərkəzi təşkil edilib.
Malvane və Kolombo yaxınlığındakı aşağı ərazilərdə daşqın nəticəsində evlərin əksəriyyəti su altında qalıb və elektrik enerjisiz qalıb.
Sinoptiklər həftəsonu yağışların davam edəcəyini proqnozlaşdırır ki, bu da artıq daşqından zərər çəkmiş bölgələrin yenidən su altında qalacağı ilə bağlı narahatlıq doğurur.
Şri-Lankada "Ditva" tropik siklonunun qurbanlarının sayı ən azı 123 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Mərkəzinin hesabatında deyilir.
Sənədə əsasən, əlverişsiz hava şəraiti səbəbindən 130 nəfər itkin düşmüş hesab edilir.
Ümumilikdə siklon nəticəsində 373 428 nəfər zərər çəkib. 43 mindən çox sakin ölkə üzrə yaradılmış 488 müvəqqəti mərkəzə təxliyə edilib.