Sorğu: Fransızların 61 %-i Baş nazirin istefasından sonra parlamentin buraxılmasının tərəfdarıdır
- 09 sentyabr, 2025
- 04:18

Baş nazir Fransua Bayru Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətə etimad səsverməsi zamanı kifayət qədər sayda deputatın dəstəyini ala bilmədikdən sonra Fransa sakinlərinin əksəriyyəti parlamentin buraxılmasını dəstəkləyir.
"Report"un xəbərinə görə, bunu Fransanın İctimai Rəy İnstitutunun (IFOP) LCI telekanalının sifarişi ilə keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin 61%-i (IFOP-un əməkdaşları 1 000 fransız arasında sorğu keçirib) Milli Assambleyanın buraxılmasını və növbədənkənar parlament seçkilərini dəstəkləyib. Bu, iyulun 4-də keçirilmiş analoji sorğunun nəticələrindən 11% çoxdur. "Bu, olduqca diqqətəlayiqdir, çünki prezident seçkilərində Emmanuel Makrona səs verənlər istisna olmaqla, əksər kateqoriyalarda bu fikir üstünlük təşkil edir", – IFOP-un İctimai rəy şöbəsinin rəhbəri Frederik Dabi telekanalın efirində bildirib.
Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə sağçı "Milli Birlik" Partiyası səslərin əksəriyyətini ala bilər; respondentlərin 34 %-ə qədəri onu dəstəkləməyə hazırdır. Sorğuya əsasən, sol qüvvələrin reytinqi onların vahid alyansın tərkibində yenidən namizəd olub-olmamasından, yaxud "Tabe olmayan Fransa" Partiyasının ümumi seçki kampaniyasına daxil edilməyəcəyindən asılı olacaq.
Birinci halda birləşmiş solçular səslərin 24 %-ə, ikincidə isə cəmi 19 %-ə, "Tabe olmayan Fransa" isə səslərin 9 %-ə iddalı ola biləcək. Bu və ya digər şəkildə sol və sağ müxalifət parlamentdə lider mövqelərini qoruyub saxlayacaq, prezidentyönlü koalisiya isə parlamentdəki yerlərin cəmi 14 %-i ilə kifayətlənəcək və Milli Assambleyada üçüncü qüvvəyə çevriləcək. Mərkəz sağçı "Respublikaçılar" istənilən ssenari üzrə 12 % səs alacaqlar.