Slovakiyada neft sənayesində fövqəladə vəziyyət elan edilib
- 18 fevral, 2026
- 15:50
Slovakiya hökuməti neft tədarükünün olmaması səbəbindən neft sənayesində fövqəladə vəziyyət rejimi elan edib.
Bu barədə "Report" "Aktuality"yə istinadən xəbər verir.
Məlumata görə, yanvarın sonundan etibarən neft Slovakiya və Macarıstana daxil olmur. Səbəb Ukraynada "Drujba" neft kəmərinin zədələnməsidir.
Hökumətə təqdim edilmiş sənədlərə əsasən, neft Xorvatiyadan başlayan "Adria" neft kəməri vasitəsilə 20-30 gün ərzində Slovakiyaya çatacaq.
Hələ ki isə hökumət "Slovnaft" neft emalı zavodunun müraciəti əsasında strateji neft ehtiyatlarını buraxmaq qərarına gəlib.
"Slovakiya bazarına fasiləsiz neft tədarükü bərpa olunana qədər bu keçid dövrünü təmin etmək üçün "Slovnaft" 250 min ton həcmində fövqəladə neft ehtiyatlarının buraxılması ilə bağlı müraciət edib ki, bu da neft emalı zavodunun minimum rejimdə ən azı bir aylıq işini əhatə edəcək", – hökumətin sənədində bildirilib.
Fövqəladə vəziyyət bu ilin fevralın 19-dan sentyabrın 30-dək qüvvədə olacaq.