Sikorski Ukraynanın Aİ-yə üzvlüyü sürətli olmayacaq

Digər ölkələr
  • 16 aprel, 2026
  • 14:53
Sikorski Ukraynanın Aİ-yə üzvlüyü sürətli olmayacaq

Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü ideyasını dəstəkləmədiyini bildirib.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bu barədə o, RMF24-ə müsahibəsində, Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri, eyni zamanda Ukraynanın Aİ-yə sürətləndirilmiş inteqrasiyasına qarşı çıxan Peter Madyarın mövqeyini şərh edərkən nəzərə çatdırıb.

Sikorskinin sözlərinə görə, Polşa eyni mövqeyi bölüşür və hesab edir ki, Ukrayna Aİ-yə daxil olmaq üçün tam proseduru keçməlidir .

"O (Madyar - red.) bizimlə eyni mövqeyi bölüşür. Avropa Komissiyasında sürətli üzvlük barədə ideya yaranmışdı. Bu, baş verməyəcək", – nazir deyib.

O vurğulayıb ki, Aİ-yə daxil olmaq üçün bütün namizəd ölkələr eyni qaydalara riayət etməlidirlər: "Biz hesab edirik ki, Ukrayna bütün şərtləri yerinə yetirməlidir, necə ki, bunu biz etməli olduq".

Polşa XİN rəhbəri həmçinin xəbərdarlıq edib ki, Ukraynanı danışıqların çətin mərhələləri gözləyir. "Və, əlbəttə ki, kənd təsərrüfatı və ya nəqliyyat kimi danışıqların mürəkkəb bölmələri olacaq", – o bildirib.

Qeyd edək ki, Ukrayna 2022-ci ilin iyunundan rəsmən Aİ-yə üzvlüyə namizəddir. Eyni zamanda, son vaxtlar Ukraynanın 2026-cı ilin sonuna qədər sürətli prosedur üzrə Aİ üzvü ola biləcəyi barədə məlumatlar yayılıb.