Səudiyyə Ərəbistanı İranı SIDR tankerinə hücumda ittiham edib - YENİLƏNİB
- 02 sentyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı İranı SIDR adlı Səudiyyə tankerinə Hörmüz boğazından keçdiyi zaman hücum etməkdə ittiham edib.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Hücum nəticəsində ekipajın iki üzvü ölüb.
"Səudiyyə Ərəbistanının XİN-i İran İslam Respublikasının Hörmüz boğazından keçərkən krallığın SIDR tankerinə etdiyi və gəminin ekipaj üzvlərinin ölümü ilə nəticələnən hücumunu pisləyir", - məlumatda qeyd olunub.
Ər-Riyad həmçinin İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını pisləyib, təhlükəsizlik və suverenliyin təmin edilməsi istiqamətində gördükləri tədbirlərdə bu ölkələrə tam dəstəyini və həmrəyliyini təsdiqləyib.
Səudiyyə Ərəbistanı eskalasiyanın dayandırılmasının, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə riayət olunmasının və qlobal enerji resursları tədarükünün qorunmasının zəruriliyini vurğulayıb. Krallıq mehriban qonşuluq prinsiplərinə, dövlətlərin suverenliyinə, BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına hörmət etməyə çağırıb.
Ər-Riyad bütün tərəfləri gərginliyin azaldılmasına, beynəlxalq hüquqa riayət etməyə, danışıqlara və sülh yolları ilə həllə qayıtmağa çağırıb.
Səudiyyə Ərəbistanının "Bahri" gəmiçilik şirkətinə məxsus SIDR tankeri Hörmüz boğazından keçərkən baş vermiş insident nəticəsində iki filippinli dənizçi həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Bahri" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bahri" təsdiq edir ki, şirkətə məxsus "SIDR" gəmisi 2026-cı il avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində Hörmüz boğazından keçərkən təhlükəsizliklə bağlı insidentlə üzləşib. "Bahri" insident nəticəsində iki filippinli heyət üzvünün həlak olmasını təsdiqləyir", - məlumatda bildirilib.
Şirkət həlak olanların ailələrinə, yaxınlarına və həmkarlarına başsağlığı verib və onlara lazımi dəstəyin göstərildiyini qeyd edib.
"Bahri" gəmi ilə əlaqə saxlamağa davam edir və müvafiq hakimiyyət orqanları, eləcə də dənizçilik sənayesinin nümayəndələri ilə fəaliyyətini koordinasiya edir, habelə vəziyyətin gedişini izləyir.