Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 23 iyun, 2026
  • 20:44
Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək

Serbiya müdafiə naziri Bratislav Qaşiçin 2026-ci ilin sonunda Azərbaycana səfər etməsi planlaşdırılır.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

"Biz cari ilin sonuna doğru nazir Qaşiçin Azərbaycana planlaşdırılan rəsmi səfərini səbirsizliklə gözləyirik", - diplomat vurğulayıb.

Səfir onu da qeyd edib ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlığın təməl daşlarından biridir:

"Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən yaxın dostlarından və mühüm tərəfdaşlarından biridir. Ölkələrimiz arasında müdafiə və hərbi-texniki əməkdaşlıq son illər ərzində uğurla inkişaf etməkdədir. Azərbaycanın müdafiə nazirinin iki həftədən də az bir müddət əvvəl reallaşan rəsmi səfəri bu strateji sahədə əlaqələrin daha da güclənməsinə böyük töhfə verib".