Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb

Digər ölkələr
  • 17 sentyabr, 2026
  • 00:18
Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb

Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Haaqadakı Kosovo üzrə Xüsusi Palataların Məhkəmə Heyətinin keçmiş Kosovo Azadlıq Ordusunun (KLA) sabiq rəhbərləri barədə çıxardığı hökmə münasibət bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, o, Haaqadakı prosesi dünyadakı ikiüzlülüyün təzahürü kimi qiymətləndirib.

Vuçiç dünyada Serbiyaya münasibətdə "ikili standartların" və "böyük ikiüzlülüyün" olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hökmlərin qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq serblər həmişə cinayətkar, digərləri isə azadlıq mübarizləri və qəhrəmanlar kimi təqdim olunacaq.

Vuçiç qeyd edib ki, Serbiya öz qurbanları ilə bağlı xatirə mədəniyyətinin inkişafını davam etdirməlidir.

"Əgər biz öz qurbanlarımızı xatırlamasaq, onları heç vaxt heç kim anmayacaq", - Serbiya Prezidenti vurğulayıb.

Xatırladaq ki, Haaqa məhkəməsində keçmiş KLA -nın rəhbərlərinə hökm oxunub. Məhkəmə keçmiş KLA rəhbərləri Haşim Taçi və Yakup Krasniçi hərəsini 25 il həbs cəzasına məhkum edib.