Serbiya lideri Avropa İttifaqına çağırış edib
- 24 sentyabr, 2026
- 03:34
Serbiya vətəndaşları Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda daha aydın perspektiv və konkret nəticələr gözləyirlər.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Serbiyanın Aİ-yə tamhüquqlu üzv olması üçün hələ çox iş görmək lazımdır.
"Avropa İttifaqının tamhüquqlu üzvlüyü strateji prioritet olaraq qalır. Lakin həm Aİ-nin ayrı-ayrı üzv dövlətləri, həm də namizəd ölkələr arasında genişlənmə prosesindən uzunmüddətli yorğunluğu görməzdən gələ bilmərik", - deyə Vuçiç bildirib. Serbiya Prezidenti ölkəsinin Aİ-yə namizəd statusunu 2012-ci ildə əldə etdiyini, üzvlük danışıqlarına isə 2014-cü ildə başladığını xatırladıb.
"Serbiya vətəndaşları haqlı olaraq ölkəmizin on ildən artıqdır iştirak etdiyi prosesdə daha aydın perspektiv və konkret nəticələr gözləyirlər", - deyə o vurğulayıb.
Vuçiç bildirib ki, növbəti Aİ genişlənməsinin yaxın gələcəkdə baş verəcəyinin qeyri-müəyyən olduğu şəraitdə Serbiya mövcud durğunluğun aradan qaldırılması üçün praktiki yollar təklif edib. Onun sözlərinə görə, Serbiya Qərbi Balkan ölkələrinin Aİ-yə tamhüquqlu üzvlükdən əvvəl vahid Avropa bazarına mərhələli şəkildə inteqrasiyasını və Şengen məkanına çıxış əldə etməsini təklif edib:
"Bu, üzvlüyün əvəzi və ya ambisiyalarımızın azaldılması deyil, region vətəndaşlarına və iqtisadiyyatlarına Avropa inteqrasiyasının real faydalarını hiss etməyə imkan verəcək konkret və praqmatik irəliləyiş yolu olacaq".
Serbiya Prezidenti, həmçinin ölkəsinin Avropa yolunun ənənəvi dostluqlardan imtina etmək anlamına gəlmədiyini qeyd edib. Onun sözlərinə görə, məhz bu sayədə Belqrad ABŞ, Çin Xalq Respublikası və Rusiya Federasiyasına birbaşa uçuşların mümkün olduğu nadir Avropa paytaxtlarından biridir.
Vuçiç Serbiyanın açıqlığının ölkənin inkişaf strategiyasının, tarixinin və dünyaya baxışının ifadəsi olduğunu vurğulayıb: "Serbiya hesab edir ki, dövlətlər aydın kursa və öz maraqlarına malik ola, eyni zamanda hər məsələdə razılaşmadığı tərəflərə qapıları bağlamaya bilərlər. Yalnız bizimlə eyni düşünənlərlə danışdığımız bir dünyada diplomatiyaya o qədər də ehtiyac qalmazdı. Qərarların qəbulunda azadlıq və müstəqillik Serbiya üçün ən yüksək dəyərlərdir".