Serbiya hökuməti prezidenti növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb

Digər ölkələr
  • 30 oktyabr, 2023
  • 18:37
Serbiya hökuməti prezidenti növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb

Serbiyanın Nazirlər Kabineti ölkə prezidenti Aleksandr Vuçiçə Skupstinanı (parlamenti - Qeyd) buraxmağı və növbədənkənar parlament seçkiləri keçirməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə Serbiyanın “RTS” televiziya və radio kanalı məlumat yayıb.

“Mövcud reallıqlarda yeni parlament seçkilərinin keçirilməsi daha yüksək demokratiya səviyyəsini təmin edər, cəmiyyətdə gərginliyi və nifrətin qızışdırılmasını azaldar, müəyyən siyasi, iqtisadi və digər məsələlərlə bağlı sərbəst fikir bildirmək hüququnu təmin edərdi”, - deyə hökumətin müraciətində qeyd olunub.

Telekanal qeyd edib ki, son vaxtlar bəzi ictimai dairələrdə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tələblər səslənir və sentyabrın 11-də bir sıra müxalifət partiyalarının nümayəndələri ölkə prezidentinə belə bir sorğu göndəriblər.

Bundan əlavə, bazar ertəsi keçirilən iclasda hökumət Belqrad Assambleyasının buraxılması və Serbiya paytaxtının müvəqqəti şurasının yaradılması barədə qərar qəbul edib. Serbiyanın daha 64 şəhəri üçün də oxşar qərarlar qəbul edilib.