SEPAH İsraildə iki aviabazaya zərbələr endirib

Digər ölkələr
  • 08 iyun, 2026
  • 10:51
SEPAH İsraildə iki aviabazaya zərbələr endirib

İran İsraildəki Nevatim və Tel-Nof aviabazalarına zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, əməliyyat İsrailin İranın üç müxtəlif regionunda bir neçə radiolokasiya obyektinə endirdiyi raket zərbəsinə cavab olaraq həyata keçirilib.

Öz növbəsində, İsrail Müdafiə Ordusu səhər saatlarında İran tərəfindən İsrailə atılan bütün raketlərin hava hücumundan müdafiə (HHM) vasitələri tərəfindən ələ keçirildiyini bəyan edib.

Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp İran və İsraili təmkinli olmağa çağırıb, lakin bunun heç bir nəticəsi olmayıb.

Daha əvvəl İranın rəsmi şəxsləri və hərbçiləri münaqişənin eskalasiyası halında İsrailə, ABŞ-yə və onların müttəfiqlərinə yenidən raket zərbələri endirməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.