SCMP: Honkonqdakı yanğında dəyən zərərin miqdarı 642 milyon dollar təşkil edib
- 14 dekabr, 2025
- 12:53
Honkonqdakı yaşayış kompleksində baş verən güclü yanğın nəticəsində azı 160 nəfər həlak olub, dəymiş ziyanın məbləği isə 5 milyard Honkonq dollarından (642 milyon ABŞ dollarından) çox təşkil edib.
"Report"un məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) qəzetinə faciədən sonra iqtisadi itkiləri qiymətləndirən ekspertlər bildiriblər.
Son məlumata görə, 26 noyabrda başlayan və 28 noyabrda söndürülən yanğın 1 736 mənzili içindəki bütün əşyalarla birlikdə tamamilə məhv edib. Təxminən 5 min nəfər evsiz qalıb.
Ekspertlərin sözlərinə görə, zərərə daxil edilməyən digər itkilər də var – şəhərdə matəm səbəbindən bir sıra tədbirlər ləğv olunub. Restoranlar və ictimai iaşə müəssisələri çoxsaylı tədbirlərin ləğv olunduğunu açıqlayıb. Honkonq Otel Sahibləri Federasiyası isə otel sektorunda da sifarişlərin ləğvi və təxirə salınması hallarının çoxaldığını bildirib.
Yanğın Honkonqun yeni ərazilərindəki Tay Po rayonunda yerləşən "Wang Fuk Court" kompleksinin səkkiz hündürmərtəbəli yaşayış binasından yeddisini əhatə edib. Alov binalarda kosmetik təmir üçün quraşdırılmış tikinti torları və bambuk konstruksiyaları vasitəsilə yayılıb.
Hazırkı yanğın şəhər tarixində yaşayış binasında baş verən ən faciəvi yanğın oldu. Bundan əvvəl meqapolisdə yaşayış binasında qurbanların sayına görə ən böyük yanğın 1996-cı ildə "Garley Building" kompleksində baş vermişdi. Nəticədə 41 nəfər ölmüş və 81 nəfər xəsarət almışdı. Bununla belə, Honkonq daha faciəvi yanğınlar da yaşayıb, lakin onlar yaşayış tikililərində olmayıb. Meqapolisin tarixində ən çox qurbanla nəticələnən yanğın 27 fevral 1918-ci ildə "Happy Valley" ippodromunda baş verib. Müvəqqəti tribunanın uçması və yanğının başlaması nəticəsində 600-dən çox insan həlak olub. 1948-ci ildə "Des Voeux Road West" küçəsində baş verən digər bir yanğın zamanı anbarda baş verən yanğın yaşayış binalarına keçmiş, nəticədə 176 nəfər ölmüş və 69 nəfər yaralanmışdı.