Sallivan: “ABŞ zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə kömək etməyə hazırdır”

Digər ölkələr
  • 06 fevral, 2023
  • 08:53
Sallivan: “ABŞ zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə kömək etməyə hazırdır”

"ABŞ fevralın 6-da səhər saatlarında Kahramanmaraş vilayətində baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə hər cür kömək göstərməyə hazırdır”.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

O qeyd edib ki, rəsmi Vaşinqton Türkiyə və Suriyada dağıdıcı zəlzələnin baş verməsi ilə bağlı dərin narahatlıq keçirir.

"Biz Türkiyəyə kömək etməyə hazırıq. Prezident Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və federal hökumətdəki digər tərəfdaşlara zəlzələdən ən çox zərərçəkmiş şəxslərə yardım göstərilməsi üçün ABŞ-ın nə ilə kömək edə biləcəyini nəzərdən keçirməklə bağlı göstəriş verib. Biz vəziyyəti Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə yaxından izləməyə davam edəcəyik”, - Ceyk Sallivan deyib.