Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 23:54
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb

BMT-nin islahatı inkişaf etməkdə olan ölkələrin (İEOÖ) prioritetləri nəzərə alınmaqla aparılmalıdır.

"Report" Pakistan Baş nazirinin ofisinə istinadən xəbər verir ki, bunu ölkənin hökumət başçısı Şahbaz Şərif BMT-nin Baş katibi Antonio Quterreşlə görüşdə bildirib.

Şərif "BMT-80" təşəbbüsünü dəstəkləyib və münaqişələrin qarşısının alınması, mübahisələrin sülh yolu ilə həlli, sülhməramlı fəaliyyət və sülh quruculuğu mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər həmçinin beynəlxalq və regional vəziyyəti müzakirə ediblər. Baş nazir İslamabadın ABŞ və İran arasında dialoqun təşviqi və gərginliyin azaldılması istiqamətindəki səyləri barədə danışıb.

Bundan əlavə, Şərif Cammu və Kəşmir ətrafındakı mübahisənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.

Pakistanın hökumət başçısı həmçinin Əfqanıstan ərazisindən qaynaqlanan terror təhdidlərindən narahatlığını ifadə edib və Kabili orada fəaliyyət göstərən qruplaşmalara qarşı təsirli tədbirlər görməyə çağırıb.