Pino: Anqolada müzakirələrdən sonra sabah "istəklilər koalisiyası"nın iclası keçiriləcək
- 24 noyabr, 2025
- 15:55
Sabah 30-dan çox ölkənin daxil olduğu "istəklilər koalisiyası"nın iştirakçıları arasında videokonfrans formatında müzakirələr keçiriləcək.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının mətbuat katibi Paula Pino bildirib.
Onun sözlərinə görə, görüşdə bu gün səhər Luandada Aİ-yə üzv dövlətlərin dövlət başçıları arasında müzakirə olunan növbəti addımlar barədə fikir mübadiləsi davam etdiriləcək.
P.Pino qeyd edib ki, Brüssel tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin həlli üzrə sülh planının maddələrini əks təkliflər adlandırmaq olmaz.
"Bunlar Aİ-nin fikrincə, Ukraynada davamlı sülhə nail olmağa və Avropa təhlükəsizliyini təmin etməyə imkan verə biləcək əsas təkliflərdir. Avropa Komissiyası Prezidenti dünən bunlarda yalnız üç əsas məqamı, o cümlədən sülhün təmin edilməsində Aİ-nin mərkəzi rolunun tanınmasını qeyd edib", - o bildirib.