Rütte: Finlandiyanın NATO-ya inteqrasiyası plana uyğun şəkildə davam edir

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 20:52
Rütte: Finlandiyanın NATO-ya inteqrasiyası plana uyğun şəkildə davam edir

Finlandiyanın NATO-da iştirakı alyans ölkələrinin müdafiəsini gücləndirir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyansın qərargahında Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu ölkənin müdafiə xərcləri ötən ilin ÜDM-in 2,4 faizini təşkil edib, bu il isə 2,7 faizi keçəcək.

Baş katib deyib ki, Finlandiyanın Arktikada kosmik imkanların inkişafı, çəkindirmə, dayanıqlılıq və situasiya barədə məlumatlılığın gücləndirilməsi baxımından təcrübəsi geniş əhəmiyyətə malikdir.

Rütte həmçinin Finlandiyanın Ukraynaya göstərdiyi müdafiə dəstəyini xatırladıb. Bu, Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri təxminən 3,8 milyard avro həcmində yardımdan ibarətdir. Yardımın 2,8 milyard avrodan çoxu hərbi yardım – artilleriya, zirehli texnika, hava hücumundan müdafiə vasitələri və sursat şəklində olub.

"Bu il siz Ukraynaya müdafiə sənayesi məhsullarının tədarükü üzrə üçillik proqrama başladınız', – deyə baş katib vurğulayıb.

Öz növbəsində Stubb bildirib ki, müzakirələr zamanı tərəflər iki əsas məsələyə – Ukraynaya dəstək və alyansın müdafiəsinin gücləndirilməsinə diqqət yetiriblər.

"Rusiya mülki infrastrukturu və dinc sakinləri bombalamağa davam edir, danışıqlara real hazır olduğuna dair heç bir əlamət nümayiş etdirmir. Buna görə biz qəti şəkildə inanırıq ki, iki vacib addım atılmalıdır – sanksiyaları gücləndirmək, Ukraynanı hərbi və iqtisadi baxımdan dəstəkləməyə davam etmək", – deyə Stubb qeyd edib.

Finlandiya artıq Ukraynaya 30 yardım paketi göndərib. Bundan əlavə, o, 100 milyon avro həcmində Skandinaviya-Baltik PEARL paketinə qoşulub. Yaxınlarda Ukraynanın mülki əhalisini qorumaq üçün koalisiya da işə salınıb.

"Aydındır ki, Rusiya müharibə başa çatdıqdan sonra belə Avropanın təhlükəsizliyi və sabitliyi üçün uzunmüddətli təhdid olaraq qalacaq. NATO və Avropa bu təhdidlərə cavab vermək üçün müdafiəni gücləndirməyə davam etməlidir', – deyə Finlandiya lideri vurğulayıb və əlavə edib ki, Finlandiya artıq Avropanın ən böyük ordularından birinə malikdir və NATO-ya planlı inteqrasiyanı davam etdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti