Rusiyanın hava hücumundan sonra Krivoy Roqda 115 mindən çox abonent işıqsız qalıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 08 yanvar, 2026
  • 23:53
Rusiyanın hava hücumundan sonra Krivoy Roqda 115 mindən çox abonent işıqsız qalıb - YENİLƏNİB-2

Ukraynanın Krivoy Roq şəhərində hazırda 115 823 abonent elektriksiz qalıb.

"Report" xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul bildirib.

"Şəhərin yarısı generatorlar vasitəsilə işləyir, biz sistemi dəstəkləyirik, lakin təzyiq aşağı olacaq. 4 böyük qazanxana elektriksiz qalıb – bu təxminən 1400 evdir. "YujQOK" qazanxanası işləyir və biz səhərə qədər bütün 335 evdə istilik təchizatını bərpa etməyi planlaşdırırıq", - o bildirib.

Vilkul həmçinin qeyd edib ki, Krivoy Roqa zərbə nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.

Xatırladaq ki, Dnepropetrovsk vilayətində dünən axşamdan etibarən elektrik enerjisinin verilişində problemlər var.

Rusiyanın raket hücumu nəticəsində Krivoy Roqda yaralananların sayı 13 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Krivoy Roq rayon hərbi administrasiyasının rəisi Yevgeni Sitniçenkonun "Telegram" kanalına istinadən məlumat yayıb.

Yevgeni Sitniçenkonun sözlərinə görə, axtarış-xilasetmə işləri davam etdirilir və yaralı sayının artacağı istisna olunmur.

"Doqquz yaralı xəstəxanaya yerləşdirilib, onların arasında 7 yaşlı oğlan və 16 yaşlı yeniyetmə var. Bir nəfərin ayağı qopub, onu əməliyyat ediblər. Şəhərdə təxminən 15 çoxmənzilli ev və yaxınlıqda olan avtomobillər zərər görüb", - məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya qoşunları son günlər Krivoy Roqa kütləvi hücumlar edir. İki özəl müəssisə zərər görüb, infrastruktur obyektləri dağıdılıb.

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə ballistik raketlər və dronlarla hücum edib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələrdən biri yaşayış evinə düşüb, nəticədə beş sakin xəsarət alıb.

"Rusiyanın zərbəsi nəticəsində Krivoy Roqda 5 nəfər xəsarət alıb, onlardan biri uşaqdır. Yaralı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", - Krivoy Roq rayon hərbi administrasiyasının rəisi Yevgeni Sitniçenko yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti