Rusiya Ukraynaya 210 pilotsuz uçuş aparatı ilə zərbə endirib

Digər ölkələr
  • 01 may, 2026
  • 09:55
Rusiya Ukraynaya 210 pilotsuz uçuş aparatı ilə zərbə endirib

Mayın 1-nə keçən gecə Rusiya Ukraynaya 210 zərbə pilotsuz uçuş aparatı (PUA), o cümlədən "Shahed", "Gerbera", "İtalmas" və s. tipli dronlarla hücum edib.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, buraxılmış pilotsuz uçuş aparatlarının təxminən 140-ı "Shahed" tipli dronlar olub.

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistem bölmələri, həmçinin mobil atəş qrupları hava hücumunu dəf edib.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən ölkənin şimalında, cənubunda və şərqində Rusiyanın müxtəlif tipli 190 pilotsuz uçuş aparatı vurulub.

Eyni zamanda, 14 lokasiyada 20 zərbə dronunun hədəfə dəyməsi, eləcə də 10 lokasiyada dron qalıqlarının düşməsi qeydə alınıb.