Rusiya turistləri Belarusda yol qəzasına düşüblər, ölən və yaralananlar var

Digər ölkələr
  • 03 yanvar, 2022
  • 22:11
Rusiya turistləri Belarusda yol qəzasına düşüblər, ölən və yaralananlar var

Belarusun Səhiyyə Nazirliyi ölkənin Vitebsk vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində Rusiyanın 41 vətəndaşının xəsarət aldığını bildirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, yaralılardan 6-nın vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 4 azyaşlı da var.

Yol qəzası M-8 avtomobil yolunun 120-ci kilometrliyində, Vitebsk - Qomel - Ukrayna sərhədində baş verib. İlkin məlumata görə, “Renault” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı edərkən zolağa çıxıb və qarşıdan gələn ekskursiya avtobusu ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü həlak olub.

Hadisə zamanı avtobusda 42 nəfər olub, onlardan 40-ı ekskursiyaya gələn Rusiya vətəndaşlarıdır.

Qəza yerində təcili tibbi yardım xidmətləri cəlb edilib. Faktla bağlı Belarusun Cinayət Məccəlləsinin “Yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.