Rusiya Poltavaya dronlarla zərbə endirib, Opişnya icmasındakı bütün YDM-lər məhv edilib

Digər ölkələr
  • 10 avqust, 2026
  • 12:36
Rusiya Poltavaya dronlarla zərbə endirib, Opişnya icmasındakı bütün YDM-lər məhv edilib

Rusiya zərbələri nəticəsində Ukraynanın Poltava vilayətinin Opişnya icmasındakı bütün yanacaqdoldurma məntəqələri (YDM) məhv edilib və onların bərpası mümkün deyil.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə icma rəhbəri Nikolay Reznik "Facebook"da paylaşılan videomüraciətində bildirib.

Onun sözlərinə görə, avqustun 10-u gecə saatlarında Rusiya qoşunları yerli YDM-lərə "Şahed" tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bundan əlavə, zərbələr nəticəsində dörd fərdi yaşayış evinə ziyan dəyib. İlkin məlumata görə, tələfat yoxdur.

O qeyd edib ki, Rusiya qoşunları daha əvvəl Xarkov və Sumı vilayətlərindəki YDM-ləri məhv edib, indi isə zərbələr Poltava vilayətini də əhatə edib.

"Düşünürəm ki, tezliklə bütün region yanacaqdoldurma məntəqəsiz qalacaq", - icma rəhbəri deyib.