Zelenski: Rusiyanın Kiyevə zərbəsi nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - YENİLƏNİB
- 05 avqust, 2026
- 11:23
Rusiyanın Kiyev və Kiyev vilayətinə kütləvi zərbəsi nəticəsində ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb.
O qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub.
Ukrayna Prezidenti vurğulayıb ki, raket hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlərin tədarükü insanların ölümünün qarşısını ala bilərdi.
"Ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ hazır olmayan tərəfdaşlar yeni sanksiyalar tətbiq etməklə kömək edə bilərlər. Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsi hələ də sanksiyalar altına düşmür. Yeni addımlara ehtiyac var", - o qeyd edib.
Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev şəhərinə və vilayətinə hücum edib, zərbələr nəticəsində 15 nəfər ölüb, daha 41 nəfər yaralanıb.
Bu barədə "Report" Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev vilayətində 14 nəfər zərbənin qurbanı olub, daha 26 nəfər xəsarət alıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Bildirilib ki, Brovarı rayonunda, Bolşaya Dımerka qəsəbəsində, eləcə də Kvitnevoye və Pobeda kəndlərində anbar və logistika binalarında irimiqyaslı yanğınlar baş verib. Fastov rayonunda xilasedicilər müəssisələrdən birinin ərazisində yanan nəqliyyat vasitələrini söndürüblər.
Qurumun məlumatına görə, Kiyevdə bir nəfər ölüb, daha 15 nəfər yaralanıb. Nəticələrin aradan qaldırılmasına 680 xilasedici və 140 texnika cəlb edilib.