Rumıniyada cüzam xəstəliyi aşkarlanıb
- 12 dekabr, 2025
- 03:50
Rumıniyada cüzam (Hansen xəstəliyi) halı qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəlik şübhəsi olan daha üç pasiyent klinik və mikrobioloji müayinədən keçir. Onların hamısı Asiya ölkələrindən gəlib və Kluj-Naqokadakı SPA salonunda masajçı kimi çalışırlar. Qeyd olunur ki, şəhər xəstəxanasına ilk müraciət edən 21 və 25 yaşlı iki qadın İndoneziyadan gəlib.
Sözügedən salon epidemioloji araşdırma başa çatana qədər bağlanıb. Orada istifadə olunan bütün otaqlar dezinfeksiya edilib, işçilərin yoxlanışı təşkil olunub.
Rumıniyada sonuncu dəfə 1981-ci ildə cüzam diaqnoz qoyulmuşdu. Ölkədə Avropada sonuncu leprozoriya mövcuddur, o, Tulça bölgəsinin Tikileşti qəsəbəsində yerləşir. 2018-ci ildə orada cəmi 10 pasiyent qalırdı.