Rumıniya sahillərində propan daşıyan tanker zədələnib

Digər ölkələr
  • 21 iyul, 2026
  • 12:19
Rumıniya sahillərində propan daşıyan tanker zədələnib

Liberiya bayrağı altında üzən propan daşıyan "Gas Lisbon" tankeri Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda zədələnib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, gəmi İsgəndəriyyə (Misir) limanından çıxıb və Ukraynanın Reni limanına doğru istiqamət alıb.

İnsidentdən qısa müddət sonra bütün heyət təxliyə olunub. Onların hamısı sahilə çatdırılıb.

"Həmin əraziyə göndərilən yedək gəmisi gəminin dreyf etməməsinə və gəmiçiliyin təhlükəsizliyi üçün əlavə təhlükə yaratmamasına nəzarət edir", - prezident əlavə edib.

Bu arada, "Digi24" portalı xəbər verir ki, gəmi propanla yüklü olub və onun göyərtəsində partlayış baş verib.

Mənbələr bildirir ki, gəmi, böyük ehtimalla, dəniz dronunun hücumuna məruz qalıb. Gəmi hələ də yanır.