Rumıniya parlamenti müxalifətin hökumətə etimadsızlıq təklifini rədd edib
- 08 sentyabr, 2025
- 04:52

Rumıniya parlamenti müxalifət partiyaları olan "Rumınların Birləşməsi Alyansı", "SOS Rumıniya" və "Gənclər" Partiyası tərəfindən hökumətə qarşı irəli sürülən dörd etimadsızlıq təklifinin hamısını rədd edib.
"Report"un "Agerpres" agentliyinə istinadən verdiyi məlumata görə, deputatlar hər bir təklifi ayrıca müzakirə edərək səsə qoyublar. Yeddi saat davam edən iclasda heç bir təklif hökuməti istefaya göndərmək üçün lazım olan 233 səsi qazana bilməyib.
Hakim koalisiyaya daxil olan partiyaların deputatları səsvermədə iştirak etməyiblər, lakin kvorumu təmin etmək üçün zalda olublar.
Müxalifətin bu təklifləri hökumətin sərt iqtisadi tədbirlər paketinin dörd əsas hissəsini – səhiyyə islahatı, bir sıra dövlət qurumlarının yenidən təşkilini, dövlət şirkətlərində islahatları və vergi yığımının səmərəliliyinin artırılmasına yönəlmiş tədbirləri bloklamağı hədəfləyirdi. Bütün bunlar büdcə kəsirinin azaldılmasına yönəlmiş beş tədbir paketindən ikincisinin bir hissəsidir.
Qeyd olunur ki, bu tədbirlərdən biri – hakimlər və prokurorların pensiya yaşı və pensiya hüquqları ilə bağlı olanı müxalifət tərəfindən mübahisələndirilmir.