Rumen Radev azərbaycanlıların olduğu gəmilərə hücuma görə Rusiya səfirini görüşə çağıracaq
- 13 oktyabr, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstanın Baş naziri Rumen Radev Qara dənizdə Bolqarıstan sahillərində, birinin göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu iki gəmiyə PUA hücumundan sonra Rusiya səfirini görüşə çağıracaq.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Malta bayrağı altında üzən və Ukraynaya məxsus "Chelsea 3" gəmisi üç dronun zərbəsi nəticəsində zədələnib. Ekipajın bütün üzvü, o cümlədən 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı Varna limanına çatdırılıb. Onlardan beşinə tibbi yardım göstərilir.
"NATO və Aİ-dəki daimi nümayəndələrimiz məlumatlandırılıb. Bolqarıstan dronların hansı ölkəyə məxsus olduğunu müəyyən etmək məqsədilə bu hücumların araşdırılmasına dəstək əldə etməyə çalışmaqda davam edir. Biz, həmçinin hava və dəniz məkanına nəzarətin gücləndirilməsi və reaksiya imkanlarının artırılması üçün kömək istəyirik", - o qeyd edib.
Radev qeyd edib ki, hazırda Bolqarıstanın hücuma görə məsuliyyəti müəyyən etməyə imkan verən aydın və təkzibolunmaz sübutları yoxdur. O bildirib ki, bununla belə, baş verənlərin Rusiyaya sərf etdiyi görünür.
"Nazirlər Şurası yanında Təhlükəsizlik Şurasının növbədənkənar iclasında biz Krapetsdən 17 dəniz mili şərqdə zərbəyə məruz qalan digər bir gəmi haqqında da məlumat aldıq. O batıb, ekipajın bir üzvünü xilas etmək mümkün olub", - Radev yazıb.