"Rolex" və "Cartier" şirkətlərinin rəhbərləri Vaşinqtonda Trampla görüşüblər
- 06 noyabr, 2025
- 05:36
Lüks brendlər "Rolex" və "Cartier"ə sahib olan şirkət rəhbərləri də daxil olmaqla altı isveçrəli milyarder noyabrın 4-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla İsveçrədən idxal rüsumlarının 39 % azaldılması ümidi ilə görüşüblər.
"Report"un "Tribune de Geneve" qəzetinə istinadən verdiyi məlumata görə, Ağ Evin Oval Kabinetində keçirilən görüşdə lüks və enerji sənayesinin nümayəndələri iştirak ediblər.
Onlardan beşi Cenevrədə yerləşən transmilli korporasiyaların rəhbərləri olub. İş adamları arasında "Rolex" şirkətinin baş direktoru Jan-Frederik Düfur, habelə "Cartier", "Piaget" və "Vacheron Constantin" brendlərinə sahib olan "Richemont" holdinqin prezidenti Yohann Rupert də olub. İsveçrə hökumətinin nümayəndələri danışıqlarda iştirak etməyiblər.
"İndiyə qədər heç kim görüşün müddətini və ya məzmununu açıqlamayıb", - nəşr yazır. Qeyd olunur ki, İsveçrənin idxalına ABŞ tariflərinin 39 % azaldılmasına nail olmaq məqsədinə daha da yaxınlaşdığına dair heç bir əminlik yoxdur.
"Tribune de Geneve" qəzetinin məlumatına görə, danışıqlarda dünyanın ən böyük konteyner operatoru MSC-nin prezidenti Dieqo Aponte, neft treyderi "Mercuria" şirkətinin həmtəsisçisi Daniel Yeqqi, qiymətli metallar ticarəti və emalı qrupunun rəhbəri MKS PAMP-ın rəhbəri Marvan Şakarçi və investisiya firması "Partners Group"un həmtəsisçisi Alfred Qantner də iştirak edib.
Sahibkarlar birgə bəyanatda təşkil etdikləri görüşün İsveçrə ilə ABŞ arasında iqtisadi münasibətlərin gücünü və dayanıqlığını vurğulamaq məqsədi daşıdığını qeyd ediblər. Lakin onlar ABŞ Prezidenti ilə birbaşa danışıqlarda iştirak etmədiklərini vurğulayıblar.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən məhsullara tarif elan edib. Avqustun 1-də o, 60-dan çox ölkə və Avropa Birliyi üçün 15 %-dən 41 %-ə qədər tariflər tətbiq edən fərman imzalayıb. Ən yüksək tariflər İraq (35 %), Serbiya (35 %), İsveçrə (39 %), Laos (40 %), Myanma (40 %) və Suriya (41 %) üçün tətbiq edilib.