Robertas Kaunas: Litva HHM sistemini gücləndirməyə davam edəcək
- 11 iyun, 2026
- 13:25
Litva Silahlı Qüvvələri İsveçin "SAAB Dynamics" şirkəti tərəfindən istehsal olunan 7 milyon avro dəyərində "Bolide" raketlərini alıb.
"Report" "Lithuanian National Radio and Television"a istinadən xəbər verir ki, Litvanın müdafiə naziri Robertas Kaunas hava hücumundan müdafiənin (HHM) ölkənin əsas prioritetlərindən biri olaraq qaldığını bəyan edib.
"Hava hücumundan müdafiənin gücləndirilməsi üzrə addım-addım həyata keçirdiyimiz aydın və ardıcıl planımız var. Hər bir yeni sistem, radar və raket bu planın konkret nəticəsidir. "Bolide" raketləri müasir hava təhdidlərini effektiv şəkildə məhv etməyə imkan verən etibarlı, döyüş şəraitində sınaqdan keçirilmiş və müdaxilələrə davamlı vasitədir", - o bildirib.
"Bolide" raketləri 9 km-ə qədər məsafədəki hədəfləri vurmaq və 200 mm-ə qədər qalınlıqda zirehi deşmək qabiliyyətinə malikdir ki, bu da onların həm təyyarələrə, həm də alçaqdan uçan digər hava hədəflərinə qarşı tətbiqinə imkan verir.
Litva 2025-ci ildə SAAB şirkəti ilə "Bolide" raketlərinin tədarükü haqqında müqavilə imzalayıb. Müqavilənin dəyəri 320 milyon avro təşkil edir. Bu razılaşma çərçivəsində tədarüklər 2032-ci ilə qədər davam edəcək.