Reyçel Rivz: ABŞ İranla münaqişəyə dəqiq fəaliyyət planı olmadan başlayıb

Digər ölkələr
  • 14 aprel, 2026
  • 17:14
Reyçel Rivz: ABŞ İranla münaqişəyə dəqiq fəaliyyət planı olmadan başlayıb

ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Londonda məyusluq doğurub.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz "Daily Mail" nəşrinə müsahibəsində bildirib.

"Bu, bizim başlamadığımız və istəmədiyimiz müharibədir. Mən ABŞ-nin bu münaqişəyə onu başa çatdırmaq üçün dəqiq plan olmadan və öz məqsədlərini dəqiq anlamadan başlamasına görə son dərəcə məyusluq hissi keçirirəm", - o qeyd edib.

Maliyyə naziri vurğulayıb ki, London İran hakimiyyətini dəstəkləməsə də, hazırlıqsız münaqişəyə girmək səhv idi.

"Aydındır ki, heç bir sağlam düşüncəli insan İran rejimini dəstəkləmir, lakin aydın məqsədlər olmadan münaqişəyə başlamaq səhvdir. Onun nəticələrini təkcə Böyük Britaniyada deyil, həm də ABŞ və bütün dünyada ailələr hiss edir", - o vurğulayıb.

Rivzin sözlərinə görə, bu hərəkətlər Hörmüz boğazının blokadası ilə nəticələnib.

O xatırladıb ki, Böyük Britaniya bu problemin həll yollarını müzakirə etmək üçün Fransa Prezidenti Emmanuel Makronla birgə konfrans təşkil edir.

Nazirin sözlərinə görə, Böyük Britaniya ABŞ tərəfindən boğazın blokadaya alınmasını dəstəkləmir.

"Hesab edirik ki, bu, yanlış yanaşmadır. Biz münaqişənin əvvəlindən gərginliyin azaldılmasına çağırmışıq", - Rivz vurğulayıb.