"Reddit" uşaqlara sosial şəbəkəni qadağan edən Avstraliya hökumətini məhkəməyə verəcək
- 12 dekabr, 2025
- 06:58
"Reddit" onlayn platforması Avstraliya hökumətinin 10 dekabrda qəbul etdiyi 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qərarı məhkəmədə mübahisələndirəcək.
"Report" xəbər verir ki, bu barədə şirkətin iddia ərizəsinə istinadən "Sky News" Australia telekanalı məlumat yayıb.
Məlumata əsasən, "Reddit" bildirib ki, yeni qanun təkcə yeniyetmələri deyil, böyükləri də "israrlı və potensial təhlükəli verifikasiya prosedurlarından keçməyə məcbur edir, həmçinin ünsiyyət azadlığını boğur". Şirkət əlavə edib: "Bundan başqa, qadağa uşaqların və yeniyetmələrin öz fikirlərini birbaşa ifadə etməsinə imkan vermir və Avstraliyada siyasi ünsiyyətə maneələr yaradır". Onların sözlərinə görə, bu qərar, əslində, yeniyetmələri təcrid edir, onları ictimai tədbirlərdə və siyasi müzakirələrdə iştirak imkanından məhrum edir.
Məhkəmədə "Reddit" sübut etməyə çalışacaq ki, onu uşaqlar və yeniyetmələr üçün qadağan olunmuş platformalar siyahısına salmaq düzgün deyil, çünki platforma "böyüklər üçün forumdur, ənənəvi sosial şəbəkə deyil". Şirkət vurğulayıb ki, ümumilikdə internetdə gənclərin qorunması ideyasını dəstəkləyir, lakin "məxfilik təminatı üçün daha hədəfli tədbirlərə" çağırır.